21913İranı bürümüş etirazların beşinci günündə-yanvarın 1-nə keçən gecə Tehranda kütlə ali dini lider Əli Xamneyinin evinə doğru yürüş edib. Virtualaz.org “Al Arabia” telekanalına istinadən xəbər verir ki, minlərlə etirazçı Ali dini liderin Tehranın Pastera küçəsində yerləşən iqamətgahı qarşısında toplaşıb. Mənbələr bildiriblər ki, bundan əvvəl təhlükəsizlik qüvvələri və İnqilab Keşikçiləri Korpusunun qüvvələri Xamneyinin iqamətgahını boyu və qonşu küçələrdə güclü təhlükəsizlik tədbirləri görmüşdü.
İranda demokratiya və dəyişikliklər uğrunda çıxış edən “Şahravand-Yar” qeyri-hökumət institutunun Telegram-kanalında bildirdiyinə görə etirazçılardan ibarət kütlə Tehran vaxtı ilə saat 19.50-də Xamneyinin iqamətgahına doğru yürüş edib. Mənbə bildirir ki, təhlükəsizlik qüvvlərinin komandirlərinə etirazçıların Ali dini liderin evinə yaxınlaşmasına imkan verməmək üçün “bütün tədbirləri görmək” əmri verilmişdi.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə Xamneyinin evinə yürüş edən kütlə ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Təfərrüatlar barədə məlumat yoxdur. Xatırladaq ki, İranda etirazlar yumurtanın və toyuq ətinin kəskin bahalaşmasına görə başlasa da sürətlə siyasi, hətta dini zəminə keçib. Etirazçılar Ali dini lideri nəzərdə tutaraq “Diktatora ölüm!” şüarları səsləndirirlər.
İran hakimiyyətinin sərt tədbirlər barədə xəbərdarlıqlarına və güc tətbiq etməsinə baxmayaraq etiraz nümayişləri bu gün də ara vermir. “Al Arabia” telekanalı ölkənin daha bir neçə şəhərində yanvarın 1-nə keçən gecə insanların küçələrə çıxdıqlarını və rejimə etiraz etdiklərini xəbər verir.
“Reuters”in xəbərinə görə isə yanvarın 1-nə keçən gecə ölkənin cənub-qərbindəki İzeh şəhərində iki nümayişçinin öldürüldüyü, bir neçəsinin yaralandığı məlum olub. Məlumatı İran parlamentinin deputatı Hidayətulla Hademi yerli İLNA agentliyinə verib. “Mən atəşin nümayişçilər, yoxsa polis tərəfindən açıldığını  bilmirəm, araşdırma gedir”, – deputat bildirib.
Dünənə qədər İrandakı etirazlarda azı iki nəfərin öldüyü təsdiqlənmişdi.

 

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment