1513852900_images_cms-image-000037791Əkrəm Həsənov: “Moody’s agentliyinin Azərbaycan bankları ilə bağlı qərarı gözlənilən idi”

2017-ci ilin sonu Azərbaycanın bank sistemi üçün elə də ürəkaçan olmadı.

Beynəlxalq reytinq şirkəti olan “Moody’s” üç Azərbaycan bankı ilə bağlı neqativ xəbərlər yaydı.

Belə ki, “Moody’s” “Bank Respublika” və “Bank of Baku”nun reytinqlərini aşağı saldı.

Agentlik hər iki bankın uzunmüddətli depozit reytinqini və kreditləşmə üzrə baza qiymətləndirilməsini azaldıb.

“Bank Respublika”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi və kreditləşmə üzrə baza qiymətləndirməsi “B3”-dən “Saa1”-ə, “Bank of Baku”da isə “Saa1”-dən “Saa3”-ə endirilib.

Agentlik qeyd edib ki, bu ilin 11 ayı ərzində “Bank of Baku”nun zərəri 35,2 milyon manat təşkil edib. Bu, ümumi kapitalın 24,8 milyon manatadək azaldılmasına gətirib çıxarıb və normativ tələblərdən (50 milyon manat) aşağıdır.

“Bank Respublika”ya gəlincə, agentlik qeyd edir ki, hesabat dövründə bankda zərər üzündən məcmu kapital 39,8 milyon manatadək azalıb.

Bundan başqa “Moody’s” “VTB” bankın (Azərbaycan) kredit reytinqini geri çağırıb.

Agentlik qərarın biznes səbəblərindən verildiyini deyib. “Moody’s” bildirib ki, bundan sonra agentlik bankın depozit reytinqi, baza kredit qiyməti və və risk qiymətləndirməsi üzrə rəy verməyəcək.

İqtisadçı Natiq Cəfərli “Facebook” sosial şəbəkəsində profilində agentliyin “Bank Respublika” və “Bank of Baku” ilə bağlı qərarını şərh edərək qeyd edib ki, başqa sözlə “Moody’s” hər iki bankın reytinqini defoltöncəsi vəziyyət səviyyəsinə endirib, bankların ziyanla işlədyini, borclarını ödəmə qabiliyyətinin aşağı olduğunu açıqlayıb.

“Moody’s” agentliyinin qərarlarını ümumi şərh edən, bank eksperti Əkrəm Həsənov deyib ki, bu gözlənilən idi.

O deyib ki, həm “Bank Respublika”, həm də “Bank of Baku” üzrə Moody’s bu il artıq ikinci dəfədir ki, reytinqi endirir:

“Bu, o deməkdir ki, problemli kreditlərin həcmi arta-arta gedir. Səhmdarlar isə banka əlavə sərmayə qoymaq istəmir. Kənardan investor tapmaq da hazırda çox çətin məsələdir. Bu iki bank müqayisədə yaxşı idarəçiliyə, aşağı korrupsiya səviyyəsində malikdir. Yəni başına gələnlər səhv kredit siyasəti, kadr axını və ölkənin ümumi iqtisadiyyatı vəziyyətin pisləşməsi səbəbindəndir”.

Əkrəm Həsənov deyir ki, digər əksər banklarda vəziyyət bunlardan da pisdir. Sadəcə ya “Bank VTB” (Azərbaycan) kimi beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq etmirlər ki, ayıbları açılmasın, ya da səhmdarları o qədər zəngindir ki, hələlik, onlara pul yatıra bilir:

“Amma ümumən biz bank sisteminin vəziyyətinin xeyli ağırlaşdığını görürük və növbəti ildə bu tendensiya daha da şiddətlənə bilər”.

Bank sektorunda problemlər 2015-ci ildə iki devalvasiyadan sonra üzə çıxdı. Devalvasiyalar nəticəsində manat dollara qarşı 0.78 qəpikdən 1.55 manata qədər dəyərini itirdi. Bunun nəticəsi olaraq banklardan xarici valyutada kredit götürənlər problemli kreditorlar siyahısına düşdülər.

Bu proseslərin ardınca 2016-cı ildə Azərbaycanda 11 bankın lisenziyası, o cümlədən sistem təşkil edən bank “Standart”ın lisenziyası ləğv edilib.

Hazırda ölkədə 32 bank fəaliyyət göstərir. Sentyabrın 1-ə olan məlumata görə, onların 5 milyon 720 min 291 nəfər müştərisi var. Müştərilərin 2 milyon 428 min 32-nin banklarda kredit hesabı var. Onların banklara olan vaxtı keçmiş borcları 1 milyard 824 milyon manatı ötüb. Bu da cəmi kredit qoyuluşunda 15 faizə çatıb. (meydan tv)

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment