tehsil_3Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş sədri, professor Şahlar Əsgərov Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyevanın 2020-ci ilə qədər məktəblərin özünümaliyyələşdirmə sisteminə keçməsi ilə bağlı təklifinə münasibət bildirib.

Ş.Əsgərov “Ölkə.Az”-a açıqlamasında deyib ki, Məhəbbət Vəliyeva öz çıxışını tam əsaslandırmayıb:
“Təkcə Dövlət Strategiyasına istinad etməklə, çox məsələ aydın olmur. Dövlət üçün ən başlıca məsələ gənc nəsil üçün təhsilin keyfiyyətini yüksəltməkdir. Bunun da iki yolu var. Ya pulsuz və keyfiyyətli təhsil verib Avropaya, ya da bütün təhsili pullu edib Afrikaya inteqrasiya etməlisən. Azərbaycan isə Avropa dövlətlərində olan təhsilin gənclərə verilməsində maraqlıdır. Bunun da vacib əhəmiyyətləri çoxdur. Əgər bu gün gənc nəsli yaxşı təhsillə təmin etsən, sabah həmin adam güclü diplomat və ya digər peşənin sahibinə çevrilər. Nəticədə də həmin adam bu dövlətin güclü mütəxəssisi kimi ortaya çıxar. Ancaq təhsil verməsən, bunu əldə etmək olmayacaq. Ona görə də dövlət hər zaman gənclərin yüksək təhsil almasında maraqlı olmalıdır”.
Professor qeyd edib ki, yaxşı təhsil almaq üçün özəl məktəblərin və pullu təhsilin olması da şərtdir:
“Çünki ölkədə ümumtəhsil məktəblərinin sayı çoxdur. Təhsil isə böyük pullar tələb edir. Bu məktəblərin hər birinə də böyük məbləğdə pul xərcləmək mümkün olmur. Ona görə də Azərbaycanda pullu özəl orta məktəblər də yaratmaq olar. Həmin məktəblərdə isə alternativ tədris olmalıdır. Misal üçün, kimsə öz övladının xarici dil kimi yapon dilini də öyrənməsini istəyir. Bu zaman həmin adam öz övladını məhz pullu özəl orta məktəbə qoya bilər. Ancaq pullu orta məktəbləri ümumrespublika üzrə etmək absurddur və mümkün deyil. Bu dünyanın heç bir ölkəsində yoxdur. Hesab edirəm ki, Məhəbbət Vəliyeva da 2020-ci ilə qədər məktəblərin özünümaliyyələşdirmə sisteminə keçməsi dedikdə, bunu ümumrespublika üzrə nəzərdə tutmayıb”.
Xatırladaq ki, Bakı Şəhər Təhsil İdarəsinin direktoru Məhəbbət Vəliyeva Azərbaycanda 2020-ci ilə qədər məktəblər özünümaliyyələşdirmə sisteminə keçməsini təklif edib:
“Bu barədə təhsilin inkişafına dair Dövlət Strategiyasında qeyd olunub. Məktəbin idarə olunmasında maliyyənin böyük rolu var. Burada söhbət çoxsaylı uşaqların təhsilə cəlb olunması və təhsil ehtiyaclarının ödənilməsindən gedir. Maliyyənin rolunu qeyd etməmək olmaz. Biz hazırda məktəblərdə özünümaliyyələşdirməyə keçməmişik. Lakin bu iş 2020-ci ilə qədər bitməlidir.
Təhsil sahəsində son 2 il ərzində islahatların aparılması ilə yanaşı, beynəlxalq təcrübənin tətbiqinə də geniş yer verilib. Bu gün təhsil sahəsində vacib islahatlar aparılır. Bunların hamısının təməlini ümumtəhsil təşkil edir. Bu sahədə çalışan hər bir kəs üzərinə düşən məsuliyyəti dərk edir. Ümumtəhsil sahəsi təhsil sisteminin təməl sütunudur və şəxsiyyətin formalaşması buradan başlayır”.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment