mehriban_vezirBu gun, nəhayət, çoxdan gözlənilən “test üsulu ləğv ediləcək” bəyanatı rəsmi şəkildə səsləndi. Bu ləğv əhvalatı indinin söhbəti deyil, uzun tarixçəsi var.

İzninizlə həmin tarixçəni ilk dəfə danışım.

Məlum olduğu kimi Elçi Bəy hakimiyyətinin ən mühüm töhvələrindən biri test üsuludur. Bu töhvənin gətirdiyi faydalar haqqında geniş danışmağa ehtiyac yoxdur. Çünki, proses hər birimizin evindən keçib, hər birimiz olanların şahidiyik. Eləcə də, müəyyən istisnalar olsa belə hər birimiz sovet dövründə ali məktəblərə, texnikumlara kütləvi şəkildə rüşvətlə girilməsinin şahidiyik. Ümumiyyətlə, bir mənalı şəkildə bildirirəm ki, təhsildə rüşvət sovet dövründən qalma xərcəngdir, indi sadəcə, metastaz verib.

Test üsulunun tətbiq edilməsi hər yay evə çanta dolu pul gətirən unuversitet müəllimlərinin bazarını bağlamış, nəticədə onların böyük çoxluğu Elçi Bəy hakimiyyətinə düşmən kəsilmişdilər. Ona görə də 1993 çevrilişindən həmən sonra müəllim və professor heyəti, yəni rüşvətdən harınlamış və xüsusiləşmiş bir zümrə itirdiklərini geri qaytarmaq üçün var gücləri ilə hərəkətə keçdilər.
Testin ləğv edilməsi üçün prezidentə, Milli Məclisə, baş nazirə məktublar, müraciətlər yazdılar, toplantılat təşkil etdilər, geniş lobbiçilik işi apardılar.

Cəmiyyətdə ziyalı və savadlı insan sayılan bu rüşvətxor test düşmənləri çox dərin, şaxəli və sistemli bir iş aparmağa başladılar. Eləcə də mətbuatda və efirlərdə test sisteminin qüsurlu və milli maraqlara zidd olması haqqında təbliğat apardılar. O professor və müəllim heyətini nə gənclik, nə gələcək, nə təhsil, nə də Vətənin mənafeyi maraqlandırırdı. Bir dərdləri vardı; hər yay sel kimi gələn rüşvətin önünü açmaq üçün test üsulu ilə qəbulu ləğv etdirib köhnə zamanlara qayıtmaq.

Bu prosesin ən yüksək səviyyədə himayədarları aravermədən testin ləğvinə çalışır və finala yaxınlaşırdılar. Artıq ictimaiyyət və cəmiyyət də buna hazır idi. Lazımı təbliğat yetərincə aparılmış, test artıq düşmən elan edilmişdi.

İşin gerisini Elçi Bəy belə nağıl edir;

– Test üsulu ilə bağlı ciddi bir əkstəbliğat vardı, universitetlərin professor və müəllim heyəti bərk çalışırdılar bu üsulu ləğv etdirsinlər, bunu görürdüm. Lakin Kələkidə mənə xəbər çatdı ki, məsələ son dərəcə ciddiləşib, artıq hər şey hazırdır. Bu gün sabah testin ləğvi haqqında fərman olacaq.

Çox məyus oldum. Test üsulunun böyük inqilab etdiyini bilirdim, son illərdə ilk dəfə bilikli məzunlar, kasıb övladları, bir sözlə yetim-yesir öz biliyi hesabına ali məktəbə daxil olur, rüşvət verməyə adam gəzənlər kənarda qalmışdılar. Bu, mənim üçün böyük məsələ idi. Ən böyük təssəlilərimdən biri idi. Hətta ölüm-dirim məsələsi idi, deyə bilərəm.

Bu mütərəqqi üsulun ləğv edilərək yenə geriyə – rüşvət sisteminə qayıdılması çox acınacaqlı idi. Düşündüm, nə edim. Nə edə bilərəm. Testi necə xilas edə bilərəm.

Oturub o vaxt Azərbaycanda ABŞ-ın səfiri olan Kozlariçin həyat yoldaşına bir məktub yazdım.

Məktubda bu işin bütün tarixini anlatdım, təhsildə olan rüşvətin bizim faciəmizin mənbəyi olduğunu, bunun bizə sovetlərdən miras qaldığını yazdım. Əxlaqını, mənəviyyatını, müəllim heysiyyatını itirmiş professor, müəllim heyətinin rüşvəti yenidən qaytamaq üçün çalışdıqlarını izah etdim.

Nəhayət, səfir xanımındam test üsulunun ləğv edilməməsi üçün xalqıma kömək istədim. Yazdım ki, sizdən acizanə xahiş edirəm, prezident Heydər Əliyevin qəbuluna gedin, test üsulunun mütərəqqiliyi və bütün xalqlara nə qədər faydalı olduğunu ona izah edin. Ondan xahiş edin ki, test üsulunun ləğv edilməsinə yol verməsin. Bu işin qarşısını alsın.

Yazdım ki, əminəm ki prezident sizin xahişinizi nəzərə alacaq və bu, sizin Azərbaycan xalqı qarşısında ən böyük xidmətiniz olacaq. Bu xidmət heç zaman unudulmayacaq.

Səfirin xanımı xahişimi yerinə yetirdi, H. Əliyevlə görüşdü və testin ləğvinin gündəmdən çıxarılmasını ondan xahiş etdi.
Bununla da test üsulunun ləğvi mövzusu gündəmdən birdəfəlik çıxarıldı. Məsələnin müzakirəsi bitdi.

Elçi Bəyin ricası ilə bu mərhəmətli xanımın (heyif, adını bilmirəm) H. Əliyevə xahişə getməsi ciddi şəkildə körüklənmiş bir ictimai dalğanın- test düşmənçiliyinin önünü kəsdi.

Bununla da Elçi Bəy xalqına töhvə etdiyi testi üsulunu, ali məktəbə rüşvətsiz qəbul sistemini 20 ildən çox, hətta özündən sonra belə yaşatdı.

Bu günkü bəyanat illər öncə Elçi Bəyin mənə danışdığı bu əhvalatı xatırlatdı. Demə, testlə savaş bitməyibmiş.
İndi testin taleyi necə olacaq? Gəncliyimizin, insanımızın, təhsilimizin taleyi necə olacaq? Testi qoruyan olacaqmı? Xalq əlindəki bu imkanı qorumaq istəyəcəkmi? İnsanlar bu barədə düşünüb narahat olacaqlarmı?

Testlə savaşda adı müəllim olan bu güruh və onların yüksək dövlət qulluğu tutan havadarları qələbə çalacaqlarmı?
Yoxsa əlimizdə qalan bu son uğurumuzu da itirəcəyik?

Nə olacaq, necə olacaq, bilmirəm…

Mehriban Vəzir

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment