shirvan.info-Elçin Məmməd: “Azərbaycanda vətəndaş cəmiyyətinə təzyilər artdıqca, qanlı cinayətlərin də sayı ona adekvat olaraq çoxalacaq”

QH2Azərbaycanda kriminogen durum həddindən artıq ağırlaşıb. Ölkədə baş verən  tükürpədici qətllərin sayı artıb. Xüsusi amansızlıqla qətlə yetirilmə hadisəsi  gündəlik xəbərlər sırasında silsilə yer alır. Belə ağır cinayətlərin üstü bir çox  hallarda isti izlərlə açılsa da qətllər və adam öldürməyə cəhd faktları azalmır. Hüquq-mühafizə orqanları Azərbaycanda kriminogen durumla bağlı real vəziyyəti açıqlamaqdan yayınır. Ancaq aparılan müşahidələr son dövrlər qəsdən və xüsusi qəddarlıqla adam öldürmə hallarının baş verən cinayətlər sırasında aparıcı yer tutduğunu göstərir. Bunu ekspertlər də təsdiq edir. Vəhşiliklə törədilmiş qətl hadisələrinin əksəriyyəti ailə münaqişəsi zəminində baş verir. Ərin arvadını, qadının öz ərini, yaxud ailə başçısının övladlarını, hətta azyaşlı uşaqları belə öldürməsi kimi cinayət hadisələrinə hər gün rast gəlinir. Ona görə də son vaxtlar mediada və ictimaiyyət arasında belə bir suala tez-tez rast gəlinir-Azərbaycanda nə baş verir? Hər gün baş verən çoxsaylı intiharların və qətllərin səbəbi nə ilə bağlıdır?

QHƏksər hallarda yaranmış problemin həlli yolunun tapılması üçün psixoloqlara müraciət edilir və onların rəyi öyrənilir. Buna baxmayaraq, psixoloqların hər gün ağırlaşan kriminogen durumu düzəltmək imkanlarının olmadığını görmək olar. Mütəxəssislərin fikrincə, Azərbaycanda vəziyyət getdikcə ağırlaşır. Hazırda ayrı-ayrılıqda baş verən və ailədaxili narazılıq zəminində törədilən qətl hadisələrinin miqyası böyüyərək cəmiyyət üçün daha təhlükəli prosesə çevrilə bilər. Yəni adamöldürmə hallarının qeyri-qanuni ənənəyə çevrilməsi kriminal cinayətlərin ictimai təhlükəliik dərəcəsini artırır. Ailədaxili münaqişələrin miqyasının  böyüyərək qisasçılıq müstəvisinə transfer etməsi ailələr və nəsillər arasında qan davasına çevrilə bilər. Keçən ay Hacıqabul rayonunda Nizami Qəmbərovun və onun ailə üzvlərinin qisasçılıq zəminində güllələnərək öldürülməsi, mütəşəkkil cinayət faktına görə 11 nəfərin həbs edilməsi qeyd edilən fikri təsdiq edir.

Mütəxəssislərin qənaətincə, kütləvi qətl cinayətlərinin sayının artması Azərbaycanda ictimai sabitliyin pozulmasına ciddi təhlükə yaratmaqla yanaşı, cəmiyyətdə mənəvi dəyərlər sisteminin sarsılmasına gətirib çıxara bilər.

EM“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin prezidenti, hüquq müdafiəçisi Elçin Məmmədin fikrincə, Azərbaycanda kriminial cinayətlərin sayının artması vətəndaş cəmiyyətinin sıradan çıxarılmasına yönəlmiş süni proseslə bağlıdır. Belə ki, hazırda Azərbaycan cəmiyyəti ilə hüquq-müdafiə təşkilatlarının əlaqələrində ciddi boşluq yaranıb. “Xüsusilə də son 10 il ərzində Azərbaycan hakimiyyəti tərəfindən hüquq-müdafiə təşkilatlarına qarşı həyata keçirilən siyasi repressiyalar insanları hüquqi maariflənmə imkanından məhrum edib. Vətəndaşlar hüquqi yardım almaq üçün artıq əvvəlki kimi ictimai qurumlara müraciət edə bilmir. Nəticədə, insanlar ailədaxili problemlərin həllini zorakılıq, işgəncə və qətl törətməklə həll etməyə üstünlük verir. Bu cinayət faktlarının baş verməsinə görə, həmin qanunsuz əməllərə yol vermiş insanlarla paralel olaraq, Azərbaycan hakimiyyəti də az məsuliyyət daşımır. 10-15 il öncə vətəndaşlar üzləşdikləri problemdən çıxış yolu tapmaq üçün hüquq-mühafizə orqanlarından öncə müstəqil hüquq-müdafiə təşkilatlarına müraciət edirdilər. QHT-lər vasitəsilə insanlara həm hüquqi, həm də maarifləndirici dəstək göstərilirdi. Sonradan hakimiyyətin vətəndaş cəmiyyətini məhv etmək üçün QHT-lərə hücuma keçməsi, kütləvi həbslər cəmiyyət-dövlət münasibətlərində böyük bir boşluq yaradıb. Bunu həm siyasi, həm də hüquqi vakuum adlandırmaq olar. Çünki insanlar hüquqi, maarifləndirici və informasiya dəstəyi almaq üçün lazım olan resurslardan məhrum edilib. Ona görə də hər kəs sosial münasibətlərdə yaranmış problemləri qətl törətmək, işgəncə vermək kimi qanuunsuz üsullara əl atmqda görür.” – deyə Elçin Məmməd bildirib.

MTNOnun sözlərinə görə, qeyd edilən hallar ölkədə cinayətkarların sayının çoxalmasına və kriminogen vəziyyətin ağırlaşmasına gətirib çıxarır. “Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətini məhv etməklə sosial, kriminal, iqtisadi xarakterli problemləri gizlətməyə çalışır. Ancaq bu siyasət problemlərin daha da yığılıb qalması, ağır şəkil alması ilə müşahidə olunur. Belə ki, bir gün ölkədə kütləvi faciəyə səbəb olan silahlı toqquşma baş versə, bu prosesin qarşısını almaq hüquq-mühafizə orqanları üçün çətin olacaq. Cinayət törədən şəxsi və ya şəxsləri həbs etmək hələ problemin aradan qalxması demək deyil. Çünki cinayət səbəb deyil, nəticədir. Azərbaycan hökuməti belə qanlı cinayətlərin baş verməməsi üçün preventiv tədbirlər görməlidir.” – deyə hüquq müdafiəçisi qeyd edib.

QHTElçin Məmməd hesab edir ki, ailə daxilində, ayrı-ayrı fərdlər arasında mövcud olan ziddiyyətləri, hüquqi mübahisələri cinayət həddinə çatmamış yerindəcə həll ertmık mümkündür. “Azərbaycanda müstəqil məhkəmə sistemi mövcud olmadığından ən yaxşı üsul vətəndaş cəmiyyətinin rolunun artırılmasıdır. Bir vaxtlar hüquq-müdafiə təşkilatlarının fəal işlədiyi xüsusi əhali qruplarına hazırda dini-ekstremist qüvvələrin, maliyyə fırıldaqları, fahişəliyə cəlbetmə, narkobizneslə məşğul olan cinayətkar dairələrin təsiri artıb. Azərbaycan iqtidarının bunun qarşısını alacağını söyləmək isə çox çətindir. Müşahidələr göstərir ki, həbs olunan qatillərin əksəriyyəti həbsxana şəraitində normal islah olunmur və hətta azadlığa çıxdıqdan sonra yenidən daha ağır cinayətlər törədirlər. Yəni hökumət vətəndaş cəmiyyətinin köməyi olmadan ictimai təhlükəli həddə çatmış qəsdən adamöldürmə problemini köklü şəkildə həll edə bilməz. Dövlət orqanları Azərbaycanda sabitlik üçün yaranmış bu potensial təhlükəni həll etmək istəyirsə, ilk növbədə hüquq müdafiə təşkilatlarına qarşı zorakılıq siyasətini dayandırmalı, vicdan məhbuslarını azadlığa buraxmalıdır. Həmçinin, “Qeyri-Hökumət Təşkilatları Haqqında” və “Qrant Haqqında” qanuna edilmiş mürtəce dəyişiklikləri aradan qaldırmalı, beynəlxalq demokratik institutların ölkə ərazisndə fəaliyyətinə şərait yaratmalıdır. Bundan əlavə, hökumət vətəndaşlara hüquqi yardım göstərilməsinə nail olmaq üçün layihələrin həyata keçirilməsinə dəstək verməlidir. Psixoloqlar Azərbaycanın qarşılaşdığı və cəmiyyətdə oturuşmaqda olan belə bir problemə son qoymaq  imkanına malik deyil. Azərbaycanda vətəndaş cəmiyyətinə təzyilər artdıqca, qanlı cinayətlərin də sayı ona adekvat olaraq çoxalacaq.” – deyə QHT rəhbəri bildirib.

Tags

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment