shirvan.info-(Ş.İzzətoğlu) Bu gün Əbülfəz Elçibəyin doğum günüdür. Yaşasaydı 79 yaşı olacaqdı…

Kimdir Elçibəy? Elçibəy Müstəqillik yolunun “yolçusu”, “Atatürkün əsgəri”,  Azərbaycanın dövlət, siyasi və ictimai xadimi, dissident, Azərbaycan Xalq Cəbhəsinin yaradıcısı və lideri, Azərbaycan Respublikasının ikinci prezidenti və çox sadə, təvəzökar insandır. Əbülfəz Qədirqulu oğlu Əliyev adı ilə 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində dünyaya gələn və Elçibəy adı ilə Dünyanı tərk edən Şəxsiyyətdir Elçibəy!

7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir. Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında AMEA Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrində çalışır. 1992-ci il iyunun 7-də prezident seçilən Əbülfəz Elçibəy bir il sonra Gəncədə başlayan hərbi qiyamdan sonra vətəndaş müharibəsinin qarşısını almaq üçün doğulduğu Ordubad rayonunun Kələki kəndinə gedib.2000-ci ilin avqustun 22-də Türkiyədə xərçəng xəstəliyindən dünyasını dəyişən Əbülfəz Elçibəyin nəşi milyonlarla insanın çiynində  Fəxri xiyabanda dəfn edilib. Ruhu şad olsun. Bəyin yolunu gedənlərə salam olsun! Türklük bayramınız mübarək olsun!

shirvan.info

 

 

 

 

0 Comments

You can be the first one to leave a comment.

Leave a Comment